Akademik Milli Dram Teatrında Mübahisə...
Xəbərlər yayıldı ki, Akademik Milli Dram Teatrında əlbəyaxa dava baş verib.
Den.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə teatrın bədii şurasının iclasında baş verib. İddialara görə, Xalq artisti Əli Nur başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib.
Aktyor bildirib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib.
Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar. Mübahisədə adıçəkilən aktyor Əli Nur isə mediyaya açıqlamasında qeyd edib ki, yaradıcılıq işində mübahisə həmişə mümkündür. Heç bir davadan söhbət gedə bilməz.
Xalq artisti Sabir Məmmədov isə açıqlamasında bildirib ki, yüngül mübahisə düşdü. Sənətlə bağlı, tamaşa ilə bağlı mübahisə idi. Biz də mübahisənin böyüməsinə imkan vermədik. Ciddi bir şey olmayıb.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, hadisə teatrın daxili məsələsidir və nazirlik tərəfindən heç bir müdaxilə edilməyib. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, qeyd olunan hadisə ilə əlaqədar onlara heç bir müraciət daxil olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.