Sumqayıtda Etilen-polietilen zavodunda güclü partlayış baş verib.
Hadisə nəticəsində müəssisənin fəaliyyəti qısa müddətə dayandırılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə TƏBİB rəsmi açıqlama yayıb. Bildirilib ki, xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağırdır və onlar Bakıda yerləşən Nərimanov adına Yanıq Mərkəzinə təxliyə ediliblər. Yaralılara lazımi tibbi yardım göstərilir.
Hadisə ilə bağlı TƏBİB açıqlama yayıb. Bildirilib ki, “Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.”
SOCAR Sumqayıtda zavodda partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Hazırda hadisənin dəqiq səbəbləri və mümkün təhlükəsizlik pozuntuları araşdırılır.