“Milyonçu Bəxtiyar Dali” kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb.
Denmedia.az “Unikal”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirmədən saxlayıb.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsi Bəxtiyar Qaraşov barəsində əvvəlcə 4 aylıq həbs qətimkan tədbiri seçib. Daha sonra prokurorun təqdimatı əsasında həbs müddəti daha 2 ay uzadılıb.
Bəxtiyar Qaraşov özünə məxsus bağ evində müğənni olduğu bildirilən bir qıza qarşı zorlamağa cəhddə ittiham olunur.
Prokurorluğun apardığı istintaq çərçivəsində ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Qaraşov uzun illər Rusiyada yaşayıb. Öz sözlərinə görə, hərbi mühəndis olub.

