Sağlam qida kimi təqdim olunan şirniyyatların tərkibində adi alternativlərindən daha çox kalori ola bilər.
Bu barədə NEWS.ru-ya açıqlamasında qidalanma üzrə mütəxəssis Veronika Sergunina bildirib. O, məhsul alarkən tərkibindəki inqrediyentlərin siyahısını diqqətlə oxumağı və ilk sırada hansı maddənin göstərildiyinə fikir verməyi tövsiyə edib.
“Sağlam qida adı altında satılan məhsullara müxtəlif batonçikləri, müsliləri, mürəbbələri və qatılaşdırılmış südləri aid etmək olar. Məhsulun tərkibini qiymətləndirərkən inqrediyentlərin sıralanmasına diqqət yetirmək vacibdir. Əgər siyahıda birinci fruktoza, daha sonra un və ya çərəzlər göstərilibsə, bu, məhsulda ən çox fruktoza olduğunu bildirir. Tərkibində şəkər olsa da, onun siyahının sonunda yer aldığı adi çərəzli batonçik yemək, faydası olmayan və hətta daha çox kalori ehtiva edə bilən bu cür 'sağlam' şirniyyatlara üstünlük verməkdən daha yaxşıdır”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Sergunina vurğulayıb ki, şəkərsiz, laktozasız və qlütensiz batonçiklər də çox vaxt yüksək kalorili olur. Onun sözlərinə görə, belə məhsulların hazırlanmasında istifadə edilən bitki mənşəli süd, yağlar, çərəzlər və toxumlar onların enerji dəyərini artırır.
“Məhsulu hər zaman tənqidi yanaşma ilə qiymətləndirmək lazımdır. Əsas məqsəd onun tərkibində artıq inqrediyentlərin olmamasıdır. Ümumilikdə, mədə-bağırsaq sistemində həssaslıq yoxdursa, şəkər, steviya və eritritol kimi şirinləşdiricilər qəbul edilə bilər. Eyni zamanda, məhsulun kalori, zülal, yağ və karbohidrat göstəricilərini də yoxlamaq vacibdir. Əgər batonçikin üzərində 'proteinli' yazılıbsa, lakin tərkibində zülaldan xeyli çox karbohidrat və ya yağ varsa, bu adlandırma məhsulun xüsusiyyətlərini düzgün əks etdirmir”, – deyə Sergunina bildirib.

