ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Con Brennanın 40 yaşlı oğlu Kayl Brennan uşaqların cinsi istismarını əks etdirən materialların daşınmasında ittiham olunaraq saxlanılıb. Federal Təhqiqat Bürosunun (FBI) araşdırması zamanı onun mobil telefonunda yetkinlik yaşına çatmayan qızların əks olunduğu 88 görüntünün aşkarlandığı iddia edilib.
Barak Obamanın prezidentliyi dövründə CIA-ya rəhbərlik etmiş Con Brennanın oğlu ilə bağlı aparılan istintaq çərçivəsində FBI əməkdaşları Virciniya ştatının Herndon şəhərində əməliyyat keçiriblər. Kayl Brennan 40 yaşında işlədiyi müəssisədə saxlanılıb.
ABŞ mediasının məhkəmə sənədlərinə istinadən yaydığı məlumatlara görə, Brennan uşaqların cinsi istismarını əks etdirən materialları mobil telefonunda daşımaqda ittiham olunur.
İstintaq 2024-cü ildə “Adobe” texnologiya şirkətinin İtkin Düşmüş və İstismara Məruz Qalmış Uşaqlar üzrə Milli Mərkəzə (NCMEC) göndərdiyi bildiriş əsasında başlayıb.
Şübhəli materialların Brennanın “Adobe” hesabına yükləndiyi barədə məlumatdan sonra Virciniya ştatının yerli hüquq-mühafizə orqanları 2024-cü ilin iyulunda onun evində axtarış apararaq mobil telefonunu müsadirə ediblər. Daha sonra iş FBI-ya təhvil verilib.
FBI-nın telefon üzərində apardığı ekspertiza zamanı yetkinlik yaşına çatmayan qızların seksual xarakterli vəziyyətlərdə əks olunduğu ehtimal edilən təxminən 88 görüntü aşkarlandığı bildirilib.
Kayl Brennan barəsində uşaqların cinsi istismarını əks etdirən materialların daşınması ittihamı ilə federal səviyyədə cinayət işi başlanıb. Onun Virciniyanın Şərq Dairəsi üzrə Federal Məhkəməsində hakim qarşısına çıxarılması gözlənilir.
Brennanın vəkilinin məsələ ilə bağlı açıqlama vermədiyi, CIA-nın keçmiş direktorunun nümayəndəsinin isə şərh bildirməkdən imtina etdiyi qeyd olunub.
Bu arada Con Brennanın özü də ABŞ Prezidenti Donald Tramp administrasiyasının apardığı ayrıca federal araşdırmanın diqqət mərkəzindədir.
Həmin araşdırma Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə Trampın xeyrinə müdaxiləsi ilə bağlı kəşfiyyat qiymətləndirməsini və Brennanın 2023-cü ildə Konqresə verdiyi ifadələrlə əlaqədar iddiaları əhatə edir.
Con Brennan ittihamları rədd edərək araşdırmanın siyasi məqsədlərlə aparıldığını bildirib.
Məhkəmə sənədlərində isə oğluna qarşı irəli sürülən ittihamlarla bağlı istintaqın atasının işi ilə əlaqəsi olmadığı və hələ 2024-cü ildə başladığı göstərilib.

