UFC-nin keçmiş çempionu Merab Dvalişvili Birləşmiş Ərəb Əmirliklərində saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Bu barədə Real American Freestyle (RAF) təşkilatının həmtəsisçisi Çed Bronşteyn sosial şəbəkə hesabında məlumat verib.
Gürcüstanlı döyüşçü rusiyalı Usman Nurməhəmmədov və onun ətrafındakı şəxslərlə yaşanan münaqişədən sonra saxlanılıb.
“Merab Dvalişvilinin yenidən Əbu-Dabidə bizə qoşulduğunu bildirməkdən məmnunam. Əbu-Dabinin müvafiq dövlət qurumlarına peşəkarlıqlarına və dəstəklərinə görə səmimi təşəkkürümüzü bildiririk. Biz bundan sonra da irəliyə doğru addımlamağa köklənmişik və Merabın geri qayıtmasına sevinirik”, – deyə Bronşteyn bildirib.
Dvalişvili daha əvvəl sosial şəbəkələrdə Nurməhəmmədovun və onun tanışlarının özünə hücum etdiyini iddia edib.
Hadisədən sonra bir neçə nəfərin saxlanıldığı məlum olub. Onların arasında rusiyalı idmançı da yer alıb.
Sonradan yayılan məlumatlara görə, münaqişənin səkkiz iştirakçısı altı ay müddətinə azadlıqdan məhrum edilib və cərimələnib.

