ABŞ Konqresi və Ali Məhkəməsinin baş həkimi, kontr-admiral Brayan Monahan istefa verib. Onun istefası Pentaqonun hərbi dənizçilərin şikayətləri əsasında başlatdığı araşdırma fonunda baş verib.
“Washington Sun” portalının məlumatına görə, hərbi qulluqçular onlara alçaldıcı tapşırıqlar verildiyini, hətta qanunvericilərin ayaq dırnaqlarını kəsməyə məcbur edildiklərini bildiriblər.
“Kontr-admiral Brayan Monahan qeyri-etik davranışla bağlı ittihamlar üzrə Pentaqonun apardığı araşdırma fonunda istefa verib. Hərbi dənizçilər Monahanın rəhbərliyi dövründə onlara başqalarının yerinə yetirmək istəmədiyi tapşırıqların, o cümlədən qanunvericilərin ayaq dırnaqlarını kəsməyin həvalə olunduğunu bildiriblər”, – deyə nəşr yazıb.
Məlumata əsasən, hərbi qulluqçular həftədə 70–80 saat işləməyə də məcbur ediliblər.
Ən azı dörd keçmiş və hazırkı əməkdaş bu cür münasibətin son 10 il ərzində davam etdiyini bildirib. Onların sözlərinə görə, işçilər aylıq pul mükafatlarını itirmək qorxusundan rəhbərliyə etiraz etməyə cəsarət göstərməyiblər.
Senatda respublikaçı çoxluğun lideri Con Tyun Monahanın istefa verdiyini təsdiqləyib. O, əldə etdiyi məlumata əsasən, həkimin vəzifəsindən ayrıldığını bildirib.
Bununla belə, nə Monahanın özü, nə də ABŞ hərbi komandanlığı istefa barədə rəsmi açıqlama yayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında isə o, hələ də Konqres və Ali Məhkəmənin həkimi kimi göstərilir.

