Ağsuda “Xəyyam” marketdə və məhsul anbarında saxta alkoqollu içkilər aşkarlanıb.
Bu barədə DenMedia.az-a Qida Təhlükəsizliyi Agentliyinindən məlumat verilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Ağsu şəhərində plandankənar yoxlama aparılıb Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus “Xəyyam” marketdə və həmin marketə aid anbarda həyata keçirilib.
Araşdırma zamanı saxtalaşdırma əlamətləri olan alkoqollu içkilər aşkar edilib. Məhsullara baxış zamanı etiket məlumatlarında istehsalçı barədə dolğun məlumatın verilmədiyi müəyyən olunub.Bundan əlavə, məhsulların üzərində göstərilən VÖEN-in mövcud sahibkarlıq subyektinə aid olmadığı məlum olub. Həmçinin arağın başlıq hissələrinin və etiketlərinin kustar üsulla yapışdırıldığı da aydın şəkildə görünür.Bu faktlar məhsulun saxtalaşdırıldığını sübut edən əsas göstəricilərdir.
Nəticədə, aşkar edilmiş 247 ədəd alkoqollu içki satışdan çıxarılıb və saxlanca verilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.Hazırda araşdırmalar davam etdirilir.
Rafiq Həsənov
DenMedia.az