Çili prezidenti Qabriel Boriç ölkənin cənub-mərkəz bölgələrini bürüyən meşə yanğınları nəticəsində ölənlərin sayının 18 nəfərə çatdığını bildirib və bu rəqəmin artacağını istisna etməyib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
“Bu günə olan təsdiqlənmiş məlumata görə, 18 nəfərin həlak olduğu bilinir, lakin təəssüf ki, bu rəqəmin artacağına əminik”, — deyə Boriç Bio-Bio regionunun Konsepsion şəhərində jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən, təkcə Bio-Bio bölgəsində 300-ə yaxın ev dağılıb, yekun rəqəmin isə 1000-i keçə biləcəyi istisna olunmur.
Hakimiyyət orqanları şənbə axşamından etibarən Penko, Nasimyento və Laha bələdiyyələrində komendant saatı tətbiq edib. Ən çox zərər çəkən ərazilərdən biri olan Lirken şəhərində isə komendant saatı daha əvvəl qüvvəyə minib və yanğınların şəhər ərazisinin təxminən 80 faizini əhatə etməsindən sonra müddətsiz uzadılıb.
Milli Meşə Korporasiyasının məlumatına görə, hazırda Çilidə 14 meşə yanğını ilə bağlı qırmızı həyəcan siqnalı elan edilib. Ölkə üzrə yanğınların əhatə etdiyi ərazi 24 min hektardan çoxdur. Ən iri yanğın isə Konsepsion ərazisində qeydə alınıb — burada yanğın sahəsi 10 600 hektarı ötüb.
Bundan əlavə, Boriç administrasiyası Nyuble və Bio-Bio regionlarında fövqəladə vəziyyət elan edib.

