Bakıda yeraltı piyada keçidinin yaxınlığında yolu keçməyə çalışan şəxsi avtomobil vuraraq öldürüb.
Hadisə noyabrın 13-də axşam saatlarında paytaxtın Nizami rayonunda, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yaxınlıqda yeraltı keçid olmasına baxmayaraq, piyada yolu nəzərdə tutulmayan hissədən qaçaraq keçməyə çalışıb.
Bu zaman hərəkətdə olan minik avtomobillərindən biri onu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
NİİM piyadalara müraciət edərək yolun hərəkət hissəsini keçərkən tələsməməyə və həyatlarını təhlükəyə atmamağa çağırıb. Qurum piyadalara yalnız nəzərdə tutulmuş keçidlərdən istifadə etməyi tövsiyə edib.

