Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş sevgilisini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan əslən azərbaycanlı Yaqub Süleymanov həbs edilib.
Rusiya mediasının məlumatına görə, Sankt-Peterburqun Kalininsk Rayon Məhkəməsi onun barəsində 2027-ci il yanvarın 11-dək həbs qətimkan tədbiri seçib.
İstintaqın məlumatına əsasən, hadisə noyabrın 12-də şəhərin Vavilovlar küçəsində, qadınlara yardım mərkəzinin yaxınlığında baş verib.
İddia olunur ki, 28 yaşlı Süleymanov keçmiş sevgilisi olan 27 yaşlı qadını təqib edərək ona azı 8 bıçaq zərbəsi endirib.
Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qadın daha əvvəl də Süleymanovun ona qarşı zorakılıq və təhdidləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmədə təqsirləndirilən şəxs həbs əvəzinə ev dustaqlığına buraxılmasını istəyib. Lakin vəsatəti təmin olunmayıb.
Qətlə yetirilən qadının 5 yaşlı oğlu qalıb. Məhkəmənin qərarı ilə uşaq müvafiq qəyyumluq orqanlarının himayəsinə verilib.

