Fransanın paytaxtı Parisdə noyabrın 14-də keçiriləcək etiraz aksiyalarına 60 minədək insanın qatılacağı gözlənilir.
“Le Parisien” qəzetinin məlumatına görə, ölkədə yaşayış xərclərinin artmasına qarşı ardıcıl beşinci şənbə günü təşkil olunacaq nümayişlərə 30 mindən 60 minədək insanın qatılacağı proqnozlaşdırılır.
Etiraz yürüşü ötən həftə olduğu kimi Respublika meydanından başlayaraq Millət meydanınadək davam edəcək.
Yaşayış bahalılığına qarşı keçirilən aksiyaya polis zorakılığına etiraz edən nümayişçilər də qoşulacaqlar.
Bundan əlavə, uşaqlara qarşı zorakılığa etiraz edən fəalların Bastiliya meydanına doğru yürüş keçirməsi planlaşdırılır.
Fransa hakimiyyəti müxtəlif etiraz aksiyalarına qatılanların ümumi sayının 60 min nəfərə çata biləcəyini bildirir.
Xatırladaq ki, noyabrın 7-də Parisdə keçirilən etiraz aksiyalarında polis prefekturasının məlumatına görə, 46 min, həmkarlar ittifaqlarının hesablamalarına əsasən isə 75 min nəfər iştirak edib.

