Bəzən düşünürəm ki, məktəbdə sağlam münasibət yaratmaq üçün nə qədər qayda, nə qədər göstəriş yazsaq da, əgər qarşılıqlı hörmət yoxdursa, istənilən nəticəni əldə etmək çətin olacaq.
Məktəb rəhbəri olmaq insanlara hökm etmək deyil, onlarla birlikdə məsuliyyət daşımaqdır. Rəhbər müəllimin əməyini görməyi, onun fikrinə dəyər verməyi, çətinliyini dinləməyi bacarmalıdır. Eyni zamanda tələb etdiyi məsuliyyəti ilk növbədə özü nümunə göstərməlidir. Çünki rəhbərin sözü ilə davranışı bir-birini tamamlamalıdır.
Müəllim də unutmamalıdır ki, onun işi yalnız dərs keçməklə bitmir. O, həm də bir şəxsiyyətin formalaşmasına təsir göstərir. Buna görə də müəllim öz peşəsinə, şagirdə, valideynə və çalışdığı kollektivə hörmətlə yanaşmalıdır.
Bəs valideyn?
Valideyn məktəbin qapısından daxil olarkən bilməlidir ki, həmin qapının arxasında onun övladının gələcəyi üçün çalışan insanlar var. Valideynin narahatlığı, iradı və təklifi dinlənilməlidir. Heç bir valideynin müraciəti diqqətdən kənarda qalmamalıdır. Lakin narazılığın ifadə forması da ən azı narazılığın özü qədər əhəmiyyətlidir. Müəllimlə mübahisə etmək, rəhbərliyə təzyiq göstərmək, qarşılıqlı hörməti pozmaq problemi həll etmir, əksinə, böyüdür.
Mənim üçün məktəbdə ən vacib prinsiplərdən biri budur: heç kim öz vəzifəsindən istifadə edərək digərini alçaltmamalı, heç kim də öz valideyn statusundan istifadə edərək müəllimin peşə nüfuzuna xələl gətirməməlidir.
Rəhbər müəllimə hörmət etməlidir, müəllim valideynlə düzgün ünsiyyət qurmalıdır, valideyn isə məktəbin qayda-qanunlarına hörmətlə yanaşmalıdır.
Bir həqiqəti də qəbul etməliyik: məktəb nə yalnız rəhbərin, nə yalnız müəllimin, nə də yalnız valideynin məktəbidir. Bu, hamımızın ortaq məsuliyyət daşıdığı bir təhsil ocağıdır.
Rəhbərlikdə ədalət, müəllimdə məsuliyyət, valideyndə anlayış olarsa, məktəbdə sağlam mühit formalaşar.
Məktəbin nüfuzunu qorumaq hər kəsin borcudur. Çünki məktəbin nüfuzu qorunanda müəllimin nüfuzu, müəllimin nüfuzu qorunanda isə təhsilin nüfuzu qorunur.
Bəzən bir xoş söz, bir anlayışlı münasibət və bir az qarşılıqlı hörmət ən böyük problemi belə həll edə bilər.
Məktəbdə əsas olan kimin haqlı çıxması deyil, şagirdin qazanan tərəf olmasıdır!
Sübhan Xəlilov
Salyan Rayon Ziyad Həmidov adına Çuxanlı kənd tam orta ümumtəhsil məktəbin direktoru