Azərbaycanda tələbələrin foto və videolarını süni intellekt vasitəsilə saxtalaşdıraraq onlardan pul tələb etməkdə şübhəli bilinən 25 yaşlı şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində 25 yaşlı İlkin Nəhmədov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs müxtəlif ali təhsil müəssisələrində oxuyan tələbələrin foto və videogörüntülərini “TikTok” və “Instagram” sosial şəbəkələrindən əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib.
O, görüntülərə təhqiramiz və nüfuzdan salan ifadələr əlavə edərək hazırladığı materialları saxta sosial şəbəkə hesablarında yayıb.
Daha sonra paylaşımların silinməsi müqabilində tələbələrdən pul tələb edib.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

