Rusiyalı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Usman Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 6 ay müddətinə azadlıqdan məhrum edilib.
TASS agentliyinin məlumatına görə, buna səbəb idmançının UFC-nin keçmiş çempionu, gürcüstanlı Merab Dvalişvili ilə Əbu-Dabidə kütləvi davada iştirak etməsi olub.
Hadisə noyabrın 11-də RAF liqasının tədbiri ərəfəsində Əbu-Dabidəki otellərdən birində baş verib.
Məlumata görə, Dvalişvili müsahibə verərkən Nurməhəmmədov bir neçə nəfərlə birlikdə ona yaxınlaşaraq zərbə endirib. Bundan sonra tərəflər arasında kütləvi dava başlayıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və MMA ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Əbu-Dabi Məhkəmə Departamentinin məlumatına əsasən, davada iştirak edən 10 nəfər barəsində məhkəmə qərarı çıxarılıb. Onlardan 8-i müxtəlif müddətli həbs və pul cərimələri ilə cəzalandırılıb, digər iki nəfərə isə pul cəriməsi tətbiq olunub.
Məhkəmə qərarına əsasən, 6 nəfər 6 ay müddətinə azadlıqdan məhrum edilib və hər biri 300 min dirhəm cərimələnib. Davanı lentə alaraq görüntüləri yayan daha iki nəfərə də eyni həbs və cərimə cəzası verilib. Həmin şəxslərin cəzalarını çəkdikdən sonra ölkədən deportasiya olunması qərara alınıb.
Hadisədən sonra bir sıra MMA nümayəndələri Nurməhəmmədovun hərəkətini tənqid ediblər. UFC çempionu İslam Mahaçev isə Dvalişvilinin də əvvəllər oktagon xaricində uyğun olmayan davranışlar nümayiş etdirdiyini xatırladıb.

