Hollivud ulduzu Arnold Şvartseneggerin imzası olan xüsusi dizaynlı motosiklet Almaniyada xeyriyyə hərracına çıxarılıb.
Bu barədə “United Charity” onlayn xeyriyyə hərrac platformasının nümayəndələri məlumat veriblər.
“Peace Bike Terminator” adlanan unikal motosiklet 2026-cı il iyunun 15-də Vyananın Hofburq sarayında keçirilən 10-cu “Austrian World Summit” sammitində məşhur aktyora təqdim olunub. Şvartsenegger həmin tədbirdə motosikletin üzərinə öz imzasını atıb.
“Jesus Biker” birliyinin üzvləri motosikletin hazırlanmasına 500 saatdan çox vaxt sərf ediblər. Xüsusi dizaynlı elektrik motosikleti aktyorun məşhur “Terminator” obrazından ilhamlanaraq hazırlanıb.
Motosikletin maraqlı xüsusiyyətlərindən biri də xüsusi səs sistemidir. Bu sistem vasitəsilə aktyorun məşhur “I'll be back” (“Mən qayıdacağam”) və “Hasta la vista, Baby” ifadələri səsləndirilə bilir.

Hərracdan əldə ediləcək gəlir iki xeyriyyə layihəsi arasında bərabər bölüşdürüləcək.
Vəsaitin yarısı Vyanada fəaliyyət göstərən “Schwarzenegger Climate Initiative” iqlim təşəbbüsünə, digər yarısı isə Avstriyanın “Missio” katolik xeyriyyə təşkilatının Madaqaskarda uşaqlara yardım layihəsinə yönəldiləcək.
“Missio” dünyanın müxtəlif bölgələrində aztəminatlı icmalar üçün təhsil, səhiyyə və sosial yardım layihələrini dəstəkləyir.
Motosiklet üçün hərrac 11 yanvar 2027-ci il tarixinədək davam edəcək.

