Tayvanda 27 yaşlı kişinin meyiti yaşadığı mənzilin eyvanındakı paltaryuyan maşının içərisində aşkarlanıb.
“Sohu” nəşrinin məlumatına görə, hadisə noyabrın 10-da Yeni Taypey şəhərinin Bali rayonunda baş verib.
Səhər saatlarında mənzil yoldaşı Çen soyadlı gənci paltaryuyan maşının içərisində hərəkətsiz vəziyyətdə tapıb. Hadisə yerinə gələn tibb işçiləri onun bir müddət əvvəl öldüyünü müəyyən ediblər.
Polis əməkdaşları mənzilə baxış keçirib, təhlükəsizlik kameralarının görüntülərini araşdırıb və qonşuları dindiriblər. İlkin araşdırma zamanı zorakılıq izlərinə və mənzilə kənar şəxslərin daxil olmasına dair şübhəli hallara rast gəlinməyib.
Məlum olub ki, mərhum əvvəllər mağazada çalışıb, lakin sonradan işini itirib. Narkotiklə bağlı problemləri səbəbindən ailəsi ilə münasibətləri pisləşib və yaz aylarında evsiz qalıb.
Bundan sonra keçmiş iş yoldaşı ona kömək edərək birlikdə yaşamağı təklif edib.

Polis mənzilə baxış zamanı narkotik maddələr və onların istifadəsi üçün nəzərdə tutulmuş vasitələr aşkarlayıb.
İstintaqçılar gəncin hadisə zamanı şüurunun dəyişmiş vəziyyətdə ola biləcəyini ehtimal edirlər. Lakin bu versiya hələlik təsdiqlənməyib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizadan keçirilib. Ekspertiza zamanı ailə üzvləri də iştirak ediblər.
Gəncin böyük qardaşı jurnalistlərə bildirib ki, ailəsi son 4–5 ildə onunla əlaqə saxlamayıb və həyatı barədə çox az məlumatlı olub.
Ölümün dəqiq səbəbi hələlik müəyyən edilməyib.

