Nar ürək-damar sisteminin fəaliyyətini dəstəkləməklə yanaşı, iltihab əleyhinə xüsusiyyətlərə də malikdir.
Bu barədə dietoloq-kardioloq Marqarita Korolyova “Radio 1”ə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, nar zəngin tərkibi sayəsində ürək və həzm sisteminin sağlamlığı üçün faydalı meyvələrdən biridir.
“Nar xüsusilə payızda, yetişərək maksimum miqdarda vitamin, mineral, antioksidant və iltihab əleyhinə maddələr topladığı dövrdə daha faydalıdır. O, B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər həm nar dənələrində, həm də çəyirdəklərində mövcuddur”, – deyə həkim bildirib.

Korolyova qeyd edib ki, narın tərkibində dəmir, kalium və ürək-damar sisteminin fəaliyyətini dəstəkləyən digər faydalı maddələr var.
Onun sözlərinə görə, nar xüsusilə ürək fəaliyyətində pozuntular olan insanlar üçün faydalı ola bilər.
Dietoloq əlavə edib ki, narın tərkibindəki tanin maddəsi iltihab əleyhinə təsir göstərir və ishal zamanı vəziyyətin yüngülləşməsinə kömək edə bilər.
Mütəxəssis bu meyvənin həzm sisteminin normal fəaliyyətinin və damar sağlamlığının dəstəklənməsində də mühüm rol oynadığını vurğulayıb.

