Kanadada minlərlə ev sahibi zirzəmilərini yaşayış mənzilinə çevirərək kirayəyə verir. Bu üsul ev sahiblərinə ipoteka kreditlərini ödəməyə, kirayəçilərə isə daha ucuz mənzil tapmağa imkan yaradır.
“Le Monde” nəşrinin məlumatına görə, ölkədə zirzəmi mənzillərinin geniş yayılmasının əsas səbəblərindən biri iqlim şəraitidir. Kanadada binaların bünövrəsi torpağın donma səviyyəsindən daha dərində salınır ki, donma və ərimə prosesləri tikililərə zərər vurmasın.
2019-cu ildə təkcə Torontoda 75 min evdə əlavə yaşayış sahəsi olub. Bunların əksəriyyəti zirzəmilərdə yerləşib.
Uzun illər yerli hakimiyyət orqanları belə mənzillərin istifadəsinə müsbət yanaşmayıblar. İkinci Dünya müharibəsi dövründə mənzil çatışmazlığını azaltmaq üçün zirzəmilərdə yaşayış təşviq edilsə də, müharibədən sonra bu təcrübə arzuolunmaz hesab edilib.
Torontoda belə mənzillərin tikintisinə yalnız 2000-ci illərdə rəsmi şəkildə icazə verilməyə başlanılıb. Lakin ölkədə dərinləşən mənzil böhranı zirzəmi mənzillərinə marağı daha da artırıb.
Bununla belə, iqlim dəyişikliyi zirzəmidə yaşayanlar üçün ciddi təhlükələr yaradır. Güclü yağışlar zamanı kanalizasiya sularının geri daşması və küçə səviyyəsində yerləşən pəncərələrdən suyun daxil olması mənzillərin su altında qalmasına səbəb ola bilər.
Artıq bəzi ərazilərdə tamamilə yerin altında yerləşən yeni mənzillərin tikintisinə məhdudiyyətlər tətbiq edilir.
Lakin mənzil çatışmazlığı səbəbindən Kanadada bu yaşayış formasından tamamilə imtina etmək hələlik mümkün görünmür.

