İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində həbsdə olan İBB İdman Klubunun prezidenti Fatih Keleş Cümhuriyyət Xalq Partiyasından istefa verdiyini açıqlayıb.
Keleş yazılı açıqlamasında “Cümhuriyyət Xalq Partiyası ilə yollarımı ayırıram” ifadəsini işlədib.

O bildirib ki, CHP-yə bağlılığı ailəsindən gəlir və partiyaya sevgisi atasından miras qalıb. Bununla yanaşı, partiya rəhbərliyini sərt tənqid edən Keleş məhkəmə qərarı ilə təyin olunan CHP rəsmilərinin təqsirsizlik prezumpsiyasını nəzərə almadığını bildirib.
“Bu şərtlər altında demokratiyaya və hüquqi dövlətə inamım naminə illərimi verdiyim Cümhuriyyət Xalq Partiyası ilə yollarımı ayırıram”, – deyə o qeyd edib.

Fatih Keleş daha əvvəl CHP-nin İstanbul vilayət təşkilatının binasının alınması ilə əlaqələndirilən pul sayma görüntüləri ilə gündəmə gəlmişdi. O, istintaqa verdiyi ifadədə həmin vəsaitin partiya binasının alınması üçün keçirilən ianə kampaniyası çərçivəsində toplandığını bildirmişdi.

