Müasir biznes mühitində şirkətin davamlı inkişafı və maliyyə dayanıqlığı birbaşa pul axınının (Cash Flow) düzgün idarə olunmasından asılıdır.
Mütəxəssis Şəfaqət İbadova hesab edir ki, gəlirlilik təkbaşına kifayət etmir — əsas məsələ real pul vəsaitlərinin vaxtında və düzgün hərəkətidir.
Pul axını (Cash Flow) nədir?
Pul axını hər hansı biznesdə faktiki pul vəsaitlərinin mədaxil və məxaricini ifadə edir. Bu, müəssisənin kassasına və ya bank hesablarına daxil olan və oradan çıxan real pullardır. Başqa sözlə, Cash Flow şirkətin “can damarını” təşkil edir.
Pul axınının əsas növləri
Pul axını üç əsas istiqamət üzrə formalaşır:
Maliyyə pul axını – investorların yatırımları, kreditlərin cəlbi və ödənişi, dividendlər və digər maliyyə əməliyyatları;
Əməliyyat pul axını – məhsul və ya xidmət satışından əldə olunan gəlirlər, əmək haqları, vergilər və gündəlik fəaliyyət xərcləri;
İnvestisiya pul axını – uzunmüddətli investisiyalar, avadanlıq və daşınmaz əmlaka qoyulan sərmayələr.
Pul axını biznesdə necə özünü göstərir?
Düzgün idarə olunan Cash Flow şirkətə bir sıra üstünlüklər qazandırır:
Davamlılığın təmin olunması – müsbət pul axını fəaliyyətin fasiləsizliyini qoruyur;
Maliyyə risklərinin azaldılması – daimi nəzarət borc və likvidlik risklərini minimuma endirir;
İnkişaf və böyümə imkanları – yeni layihələrə investisiya, peşəkar kadrların cəlbi üçün şərait yaradır;
İnvestor və banklar üçün etibarlılıq – sabit pul axını maliyyə qurumlarının etimadını artırır.
Effektiv idarəetmənin əsas şərtləri
Ekspertlərin fikrincə, biznesi uğurla idarə etməyin ən yaxşı yolu pul axınına sistemli yanaşmaqdır. Bunun üçün:
mühasibat uçotu sistemi düzgün qurulmalı;
lazımsız və səmərəsiz xərclər azaldılmalı;
gecikən debitor borcları nəzarətə götürülməli;
aylıq, rüblük və illik Cash Flow planları hazırlanmalıdır.
Cash Flow planlaması necə aparılmalıdır?
Pul axını planı hazırlanarkən gəlirlər (xidmət və məhsul satışından gəlirlər, digər gəlirlər) və xərclər (əmək haqqı, icarə, vergilər, digər xərclər) planlanan və faktiki göstəricilər üzrə müqayisə edilməlidir.
Bu zaman əsas göstərici xalis pul axınıdır:
Xalis pul axını = Cəmi gəlirlər – Cəmi xərclər
Mütəxəssislər tövsiyə edir ki, pul axını rüblük dövrlər üzrə (məsələn, yanvar–fevral–mart) təhlil edilsin. Bu yanaşma riskləri əvvəlcədən görməyə və düzgün qərarlar verməyə imkan yaradır.

ŞƏFAQƏT İBADOVA
Denmedia.az

