Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən faciə bir ailəni yasa boğub.
Denmedia.az xəbər verir ki, 36 yaşlı qəsəbə sakini, Əbülfəz Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Hadisə Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Yaxınlarının verdiyi məlumata görə, mərhum gecə növbəsində çalışırmış. Səhər tezdən evə qayıdan Əbülfəz hamamda yuyunmaq istəyib. Həmin an evdə tək olub.
Saatlar keçsə də ondan xəbər çıxmaması qonşuları narahat edib. Qapını açaraq evə daxil olan sakinlər hamam otağında ağır mənzərə ilə üzləşiblər. Təəssüf ki, Əbülfəz artıq həyatını itirmişdi. İlkin ehtimallara görə, ölümə səbəb dəm qazı olub.
Əbülfəz Vahabov ailəli idi. Arxasında iki azyaşlı övlad və həyat yoldaşı qaldı. Gənc yaşında ailəsinin dayağı olan bir insanın bu şəkildə həyatını itirməsi yaxınları ilə yanaşı, bütün qəsəbə sakinlərini dərindən kədərləndirib. Qonşular onu zəhmətkeş, sakit və ailəsinə bağlı biri kimi xatırlayırlar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

