ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evdə fəaliyyətinə yaşın nə vaxt mane olmağa başlayacağını anlamaq üçün kənardan heç bir “işarəyə” ehtiyacı yoxdur. O, bunu NBC telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, bunu özüm anlayaram. Məsələn, sizə müsahibə verməzdim”, — deyə Tramp jurnalistin ABŞ prezidenti postu üçün artıq çox yaşlı olduğunu kimin deyə biləcəyi ilə bağlı sualına cavab verib.
Yanvarın 22-də Britaniyanın Metro qəzeti Trampın Davosda çıxışı zamanı sol əlinin üst hissəsində yeni və iri göyərti izinin diqqət çəkdiyini yazmışdı.
Yanvarın 1-də isə The Wall Street Journal Trampın yaşlanmanın fiziki əlamətlərini və mümkün narahatlıqları gizlətməyə çalışdığını, əllərindəki göyərtiləri kosmetika ilə ört-basdır etdiyini qeyd etmişdi. Məqalədə prezidentin müşavirlərinin onun yaşının xarici əlamətlərini getdikcə daha çox müşahidə etdikləri vurğulanır. Belə ki, Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayı zamanı Trampın dərisi o qədər həssas olub ki, ABŞ-ın baş prokuroru Pam Bondinin üzüyü təsadüfən ona toxunduqda qanaxma başlayıb.

