Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin öldürüldüyü bildirilir. Məlumata görə, o, Əz-Zintan şəhərində aldığı ağır güllə yarası nəticəsində həyatını itirib. Bu məlumatı onun müşaviri və əmisi oğlu Əhməd Qəddafi təsdiqləyib.
Bildirilib ki, Seyf əl-İslamın son səsli mesajı hadisədən bir gün əvvəl göndərilib. Onun nümayəndəsi Abdulla Osman bildirib ki, istintaq başa çatana qədər mərhumun dəfn olunması planlaşdırılmır. Cinayət yerinə baxış keçirildikdən sonra cəsəd Əz-Zintandakı özəl klinikanın morquna aparılacaq.
Əhməd Qəddafinin sözlərinə görə, Seyf əl-İslam daha əvvəl də bir neçə dəfə sui-qəsd cəhdlərinə məruz qalıb. Hadisə onun evinin bağçasında baş verib. Hücum edən şəxslərin müşahidə kameralarını söndürdüyü, mühafizəçiləri zərərsizləşdirdiyi və dörd nəfərin hadisə yerindən qaçdığı bildirilir. Seyf əl-İslam hücumçularla silahlı qarşıdurmaya girib və yerli vaxtla saat 14:30-da öldürülüb.

Liviyanın Milli Birlik Hökumətinin rəsmi qurumları hələlik məsələ ilə bağlı açıqlama verməyib. Yerli KİV-lər əvvəlcə hadisəni 444-cü döyüş briqadası ilə əlaqələndirsə də, briqada bu iddiaları təkzib edib və Əz-Zintanda hərbi mövcudluqlarının olmadığını bildirib.
Seyf əl-İslam Qəddafi 1972-ci il 25 iyun tarixində anadan olub. 1990-cı illərin sonlarında xeyriyyəçilik fəaliyyəti ilə tanınıb, müxtəlif beynəlxalq danışıqlarda iştirak edib. 2011-ci ildə atasının devrilməsindən sonra saxlanılıb və 2015-ci ildə ölüm hökmünə məhkum edilsə də, 2017-ci ildə ümumi amnistiya əsasında azadlığa buraxılıb.

O, sonrakı illərdə Liviyada prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və bu məqsədlə beynəlxalq dəstək axtarıb. 2021-ci ildə isə rəsmi Liviya prokurorluğu onun barəsində yeni həbs qərarı çıxarmışdı.

