Azərbaycanda 1 avqustdan etibarən kartdan-karta pul köçürmələri ilə bağlı yeni məhdudiyyətlər qüvvəyə minib.
Yerli medianın yazdığına görə, Mərkəzi Bankla kommersiya bankları arasında razılaşdırılan yeni qaydalara əsasən, bir şəxs gün ərzində maksimum 5 çıxış və 5 daxilolma əməliyyatı həyata keçirə bilər.
Köçürmələrin gündəlik məbləği üzrə ayrıca limit nəzərdə tutulmasa da, aylıq ümumi limit 20 min manat müəyyən edilib.
Eyni şəxsin öz adına olan kartlar arasında həyata keçirdiyi köçürmələr isə bu məhdudiyyətlərə şamil edilmir.
Bununla yanaşı, elektron pul kisələrinin sayına da limit qoyulub. Yeni qaydalara əsasən, bir şəxsin manatla maksimum 2 elektron pul kisəsi, hər bir xarici valyuta üzrə isə yalnız 1 elektron pul kisəsi ola bilər.
Bildirilir ki, məhdudiyyətlərin tətbiqində əsas məqsəd dələduzluq hallarının, vergidən yayınmanın və qanunsuz qumar əməliyyatlarının qarşısını almaqdır.
Hələlik yeni qaydalar barədə rəsmi məlumatı yalnız Azər Türk Bank yayıb.

