Yağlı pəhrizlər, o cümlədən populyar ketogen pəhrizində, qaraciyər xərçənginin inkişafına töhfə verə bilər. Bu barədə The Sun Massachusetts Institute of Technology (MIT) alimlərinin apardığı araşdırmaya istinadən məlumat yayıb.
Yazıda qeyd olunur ki, yüksək yağ tərkibli pəhrizin yaratdığı stress şəraitində qaraciyər hüceyrələri adi funksiyalarını yerinə yetirməyi dayandırır və daha primitiv vəziyyətə qayıdır. Bu vəziyyət hüceyrələrin çətin şəraitdə sağ qalmasına kömək etsə də, zamanla orqanın funksionallığını azaldır və onu şişlərin inkişafına qarşı daha həssas edir.
MIT alimləri siçanlar üzərində apardıqları təcrübələr nəticəsində müəyyən ediblər ki, uzun müddət yağlı qida ilə qidalanma demək olar ki, bütün sınaq heyvanlarında qaraciyər xərçənginin inkişafına səbəb olub.
Bundan əlavə, insan qaraciyər toxumalarında da oxşar dəyişikliklərin baş verdiyi aşkarlanıb. Belə ki, orqanın normal fəaliyyətinə cavabdeh olan genlərin aktivliyi zəifləyir, əvəzində isə şişlərin böyüməsinə əlverişli mühit yaradan genlər aktivləşir.

