Sumqayıt şəhərinin idman sahəsində yetişən istedadlı yeniyetmələri arasında adından tez-tez söz etdirən Polad Rəsulzadə növbəti dəfə böyük qələbəyə imza atıb.
Denmedia.az xəbər verir ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olan Polad, Bakıda keçirilən kiçik və böyük yeniyetmə qız və oğlanlar arasında təşkil olunan cüdo idman yarışında 50 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Güvən və İdman Klubu tərəfindən yüksək səviyyədə təşkil edilən bu yarış paytaxtın müxtəlif bölgələrindən olan güclü idmançıları bir araya gətirib. Gərgin və maraqlı keçən qarşılaşmalarda Polad Rəsulzadə öz çevikliyi, taktiki düşüncəsi, fiziki hazırlığı və ən əsası qalibiyyət əzmi ilə seçilərək hakimlərin və tamaşaçıların rəğbətini qazanıb. O, tatami üzərində nümayiş etdirdiyi inamlı çıxışlarla bir daha sübut edib ki, əsl çempionlar zəhmət, intizam və məqsədyönlülük hesabına yetişir.
Turnirin sonunda bütün rəqiblərinə qalib gəldiyinə görə Polad Rəsulzadəyə medal və diplom təqdim olunub. Bu mükafat onun zəhmətinin, məşqlərə göstərdiyi məsuliyyətin və idmana olan sonsuz sevgisinin nəticəsidir.
Qeyd etmək lazımdır ki, Polad Rəsulzadə üçün bu qələbə ilk uğur deyil. O, müxtəlif vaxtlarda keçirilən bir sıra nüfuzlu yarışlarda da yüksək nəticələr göstərərək medal və fəxri fərmanlarla təltif olunub. Gənc yaşına baxmayaraq, qazandığı nailiyyətlər onun gələcəkdə ölkəmizi daha böyük arenalarda təmsil edəcəyinə ciddi ümidlər yaradır.
Belə istedadlı yeniyetmələrin yetişməsi həm Sumqayıt şəhərinin, həm də Azərbaycan idmanının gələcəyi üçün sevindirici haldır. Polad kimi zəhmətkeş, məqsədli və iradəli gənclər ölkəmizin idman şərəfini yüksəklərə qaldırmağa qadirdirlər.
İnanırıq ki, bu gün tatamidə qazandığı uğurlar sabah beynəlxalq arenalarda Azərbaycan bayrağının yüksəlməsi ilə nəticələnəcək. Polad Rəsulzadəyə bundan sonrakı yarışlarda da yeni-yeni qələbələr arzulayırıq. O, artıq sübut edir ki, əzmkar yeniyetmənin qarşısında heç bir maneə dayana bilməz.
Ellada Rəsul
Denmedia.az

