ABŞ-ın Florida ştatında yerləşən Bucks Coal Fired restoranı soyuq hava dalğasından sonra qeyri-adi addım ataraq iguana ətindən pizza hazırlamağa başlayıb. Bu barədə People nəşri yazır.
Məlumata görə, Floridada geniş yayılmış yaşıl iguanalar Mərkəzi və Cənubi Amerikadan gətirildiyi üçün 7 dərəcədən aşağı temperaturda yaşamağa uyğunlaşmayıblar. Soyuq günlərdə bu sürünənlər anabioz vəziyyətinə düşür, hərəkətsiz qalır və ağaclardan yerə düşürlər. Yerli əhali bu hadisəni artıq “iguana yağışı” adlandırır.
Məhz bu mənzərəni piar fürsətinə çevirən Bucks Coal Fired restoranı reptiliya ovçusu Ryan Isquierdo ilə əməkdaşlığa başlayıb. Restoranı iguanalarla məhz o təmin edir. Bildirilir ki, pizzanın hazırlanmasında yalnız iguananın ayaqları və quyruğu istifadə olunur. Digər inqrediyentlər arasında parmezan pendiri, bekon və maral əti də var.
Yeni yeməyi ilk dadanlardan biri olan Isquierdo təəssüratlarını gizlətməyib:
“İguana əti dad baxımından həqiqətən qurbağa buduna bənzəyir. Bir az şirin dadı var. Açığı, bunu sözlə tam ifadə etmək çətindir.”

