Bakı şəhəri Binəqədi rayonunda yerləşən "Seylab" su şirkəti və ona məxsus olan "Chai Lab" restoranı yüksək məbləğdə cərimələnib.
Bu barədə "Den.az"-a həmin şirkətdə çalışan işçilər məlumat veriblər.
Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi həmin şirkətdə yoxlamalar aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, şirkətin vəzifəli şəxsi Vəsilə Quliyeva vətəndaşları əmək müqaviləsi olmadan işlədib. Eyni zamanda, ona məxsus restoranda işçiləri əməkhaqqı vermədən çalışdırıb.
Dövlət Əmək Müfəttişliyi məhz bu səbəbdən Vəsilə Quliyevaya 3 min manat cərimə yazıb. İşçilərin şikayəti əsasında toplanan bütün materiallar Prokurorluğa göndərilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə 17 aprel tarixində keçirilən məhkəmədə prokurorluğun təqdim etdiyi faktlar sübuta yetirildiyindən "Chai Lab" şirkəti 20 min manat məbləğində cərimələnib. Ümumilikdə, şirkət vətəndaşlara qarşı etdiyi haqsızlığa görə 23 min manat cərimə ödəyəcək.
Məlumat üçün bildirək ki, " Seylab" su şirkəti -nin icraçı direktoru Bayraməli Quliyevdir.
Araşdırmalar davam edir.