NEWS.ru-ya danışan reanimatoloq və psixoloq Mariya Kriveqa bildirib ki, diafraqmal tənəffüs stress simptomlarını azaltmağa kömək edir. Onun sözlərinə görə, bu halda ən effektiv üsullardan biri “kvadrat nəfəs” texnikasıdır.
Mütəxəssis izah edib ki, texnika belə icra olunur: nəfəs alma – fasilə – nəfəs vermə – fasilə, hər mərhələ dörd saniyə davam etməlidir. Bu ardıcıllıq 3–5 dəqiqə təkrarlanır. Nəfəs alarkən qarın genişlənməlidir, yəni diafraqma aktiv işləməlidir. Bu üsul simpatik sinir sisteminin aktivliyini azaldır və ürək döyüntüsünü yavaşladır.
Kriveqa əlavə edib ki, “yerə bağlanma” texnikası panik atak zamanı tez-tez istifadə olunur. Bunun üçün insan beş görünən obyekt, dörd toxunma hissi, üç səs, iki qoxu və bir dadı adlandırmalıdır. Bu yanaşma diqqəti indiki ana yönəldərək panik reaksiyanı zəiflədir.
Həddindən artıq narahatlıq zamanı bədən boşalması da effektiv sayılır. Mütəxəssis 10–15 dəqiqə sürətli gəzinti, güc hərəkətləri, nəfəs verərkən səs vibrasiyası və ya tək məkanda qışqırmağın əzələ gərginliyini və adrenalin səviyyəsini azaltdığını bildirib.
O, planlı şəkildə psixoloqla işləməyin, emosiyaları yazılı şəkildə ifadə etməyin və autokoordinasiya yanaşmalarının da yığılan gərginliyi sistemli şəkildə azaltmağa kömək etdiyini vurğulayıb.

