Öz ərinin törətdiyi ağır cinayətlərin qurbanı olan fransız qadın Jizel Peliko ilk dəfə televiziya müsahibəsi verib.
DenMedia.az Marie-Claire dərgisinə istinadən xəbər verir ki, o, France 5 kanalında yayımlanan verilişdə məhkəmə prosesi, yeni memuarı və zorakılıq qurbanı olmağın nə demək olduğu barədə danışıb.
2024-cü ildə əri Dominik Pelikonun işi dünya ictimaiyyətində böyük rezonans doğurmuşdu. İstintaq müəyyən etmişdi ki, o, 10 il ərzində həyat yoldaşına gizli şəkildə dərman qataraq onu huşsuz vəziyyətə salıb və daha sonra digər kişiləri evə dəvət edərək qadına qarşı cinsi zorakılıq törədilməsinə şərait yaradıb. Baş verənləri isə videoya çəkib. Bu materiallar məhkəmədə əsas sübut kimi təqdim olunub. Dominik Peliko 20 il azadlıqdan məhrum edilib, iş üzrə daha 50 nəfərə ittiham irəli sürülüb.

Məhkəmə prosesi açıq keçirilib və bu qərarı məhz Jizel özü verib. O, bununla digər qurbanlara dəstək olmaq və cinsi zorakılıq probleminə diqqət çəkmək istədiyini bildirib. Sonradan o, qadın hüquqları uğrunda mübarizənin simvoluna çevrilib və Fransanın Şərəf Legionu ordeni ilə təltif olunub.
“Mən düşündüm ki, bununla təkcə özüm üçün deyil, kollektiv şəkildə mübarizə aparıram. Əgər mən bacarıramsa, başqaları da bacara bilər. Mənim bütün qurbanlara mesajım — heç vaxt utanmayın”, — deyə Jizel bildirib.
O, etiraf edib ki, istintaq zamanı polis ona çəkilmiş görüntüləri göstərəndə özünü tanımayıb və kadrdakı qadını “parça kukla”ya bənzədib. Keçmişə baxaraq, münasibətlərində bəzi şübhəli məqamlar hiss etdiyini, lakin buna ciddi yanaşmadığını deyib. Bir dəfə şalvarında sarı ləkə görərək ərindən ona narkotik qatıb-qatmadığını soruşduğunu, lakin onun ağlayaraq hər şeyi inkar etdiyini xatırladıb. Başqa bir dəfə isə pivəsinin rənginin dəyişdiyini görüb, lakin ərinin izahına inanaraq məsələni böyütməyib.

Hazırda Jizel “Və həyat sevinci” adlı xatirə kitabını nəşrə hazırlayır. O deyir ki, kitab üzərində işləmək ona özünü anlamağa və dağıntılar üzərində də olsa, həyatı yenidən qurmağa kömək edib. Məhkəmədən sonra Jan-Lu adlı bir kişi ilə tanış olub və yenidən sevgi tapıb.
“Onunla tanış olmaq inanılmaz idi. O da çətin dövrlərdən keçmişdi və bu, həyatımızı dəyişdi”, — deyə Jizel bildirib.
O, insanları zorakılıq qurbanlarına yalnız “qurban” kimi baxmamağa çağırıb və qeyd edib ki, hər kəsin daxilində güc var.

“Utanc insana yapışır, dərinizə hopur. Amma mənim bütün qurbanlara mesajım budur — heç vaxt utanmayın. Bu, sizin günahınız deyil”, — deyə o vurğulayıb.

