Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampa müraciət edərək Beynəlxalq Cinayət Məhkəməsinin hüquqşünası Nikolya Giyu və keçmiş avrokomissar Tyerri Bretona tətbiq edilən sanksiyaların ləğvini xahiş edib. Bu barədə Britaniyanın Tribune jurnalı məktubun mətninə istinadən məlumat yayıb.
Makron məktubunda qeyd edib ki, məhdudiyyətlər ədalətsiz şəkildə tətbiq olunub, Avropa İttifaqının müstəqilliyinə zərər vurur və ədalət mühakiməsinin müstəqilliyi prinsipini sarsıdır.
“Administrasiyanızın qərarlarını yenidən nəzərdən keçirməyinizi və Nikolya Giyu ilə Tyerri Breton barəsində ədalətsiz tətbiq olunmuş sanksiyaların ləğvini xahiş edirəm”, — deyə məktubda bildirilir.
Xatırladaq ki, ötən ilin avqustunda ABŞ Dövlət Departamenti Giyuya ABŞ və İsrail vətəndaşlarını təqib etmək ittihamı ilə sanksiya tətbiq etmişdi. Dekabrda isə Vaşinqton Bretonun ABŞ platformaları və çıxış edənlərə qarşı senzura cəhdləri səbəbilə ölkəyə girişini qadağan etmişdi.

