ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqində, Əl-Həsəkə vilayəti yaxınlığında yerləşən Kasrak hərbi bazasından qüvvələrin çıxarılmasına başlayıb. Bu barədə Syria TV məlumat yayıb.
Bildirilir ki, şəxsi heyət və hərbi texnika ilə dolu kolonlar qonşu İraq ərazisinə istiqamətlənib. Əsasən kürdlərin yaşadığı bölgədə yerləşən Kasrak bazası Suriyadakı Qərb qüvvələrinin ən iri hərbi obyektlərindən biri hesab olunurdu.
Bu addım fevral ayında başlanan ardıcıl dislokasiya prosesinin davamıdır. Koalisiya artıq Harab əl-Cir aviabazasını və Əl-Həsəkənin cənubundakı Əş-Şəddadi təlim düşərgəsini tərk edib. Həmçinin fevralın ortalarında Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşən strateji Ət-Tanf bazasından da hərbçilər çıxarılıb. Həmin obyekt Dəməşq–Bağdad magistralına nəzarət imkanı verirdi.
Tərk edilən hərbi obyektlərin əksəriyyəti 2014-cü ildə “İslam Dövləti” qruplaşmasına qarşı mübarizə məqsədilə yaradılmışdı. Mənbələrin məlumatına görə, son həftələr regionda ABŞ hərbi mövcudluğunun planlı şəkildə azaldılması müşahidə olunur.

