İnsanların əksəriyyəti mütəmadi olaraq vitaminlər alır. Bu məhsulların böyük hissəsini saç, diş və dırnaq gözəlliyi üçün nəzərdə tutulan əlavələr təşkil edir. Lakin əslində bu məsələdə bir çox incə məqam var. Bu barədə “Gazeta.Ru”ya “MİA.RF” stomatoloji klinikalar şəbəkəsinin tibbi direktoru Maksim Labuxin danışıb.
“Kalsium sizin köməkçiniz deyil”, — ekspert bildirib.
Onun sözlərinə görə, saç və dırnaqların strukturunu keratin zülalı formalaşdırır, möhkəmliyini isə tərkibində kükürd olan amin turşuları təmin edir. Kalsium onların tərkibinə daxil deyil. Bu mineral əsasən sümüklər və sinir keçiriciliyi üçün lazımdır.
“Bu gün kalsium həbi qəbul etsəniz, o, skeletə və ya qana gedəcək, amma heç bir halda saçın qırılmış uclarına yapışmayacaq”, — Labuxin izah edib.
Ekspertin sözlərinə görə, kalsium diş minasına da kömək etmir. Diş minası 13–15 yaşadək formalaşır. Onun qorunması üçün isə diş məcununda olan flüor vacibdir.
Kalsiumun nəzarətsiz qəbulu təhlükəli ola bilər. Preparat qəbuldan sonra səkkiz saat ərzində qanda kalsium səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər. Beş il ərzində müntəzəm istifadə ürək xəstəlikləri riskini 20–30 faiz, böyrək daşı riskini isə 20 faiz artıra bilər.
“Ən yaxşısı kəsmik, göyərti, qoz-fındıq və balıq yemək, kefir içməkdir”, — ekspert məsləhət görüb.
Saç tökülməsinin və dırnaqların laylanmasının qarşısını almaq üçün dəmir, sink və mis lazımdır. Dəmir çatışmazlığı saç tökülməsi ilə müşayiət oluna bilər, sink və mis isə keratinin sintezinə cavabdehdir. Dəniz məhsulları, paxlalılar, taxıl məhsulları və qoz-fındıq faydalı hesab olunur.
“Kalsium, əksinə, dəmir və sinkin sorulmasına mane olur”, — Labuxin xəbərdarlıq edib.
Zülal da vacibdir. Buna görə daha çox ət, balıq, süd məhsulları və yumurta qəbul etmək tövsiyə olunur. D vitamini isə qidadan alınan kalsiumun mənimsənilməsinə kömək edir.
“Analizlər ciddi çatışmazlıq aşkar etməyibsə, bioloji fəal əlavələrə ehtiyac yoxdur”, — stomatoloq yekunlaşdırıb.

