Braziliyada bir kişinin 23 il əvvəl başlatdığı təşəbbüs böyük yaşıllaşdırma layihəsinə çevrilib. Helio da Silva öz vəsaiti hesabına təxminən 45 min ağacın yetişdiyi yaşıllıq sahəsinin yaranmasına nail olub.

Onun hekayəsi 2003-cü ildə San-Paulu şəhərindəki Tiquatira çayının sahilində başlayıb. Zibillə dolu və baxımsız vəziyyətdə olan ərazini yaşıllaşdırmaq istəyən da Silva öz pulu ilə 200 ting alaraq əkib.

Lakin ilk tinglər məhv edilib. Bundan ruhdan düşməyən kişi bu dəfə 400 yeni ting əkib. İkinci cəhdi də uğursuzluqla nəticələnsə də, o, məqsədindən əl çəkməyib və illər ərzində minlərlə ağac əkməyə davam edib.
Bu gün “Parque Linear Tiquatira” adı ilə tanınan ərazidə təxminən 45 min ağac və 170-dən çox yerli ağac növü mövcuddur.
Bir vaxtlar zibillik olan çay sahili indi San-Paulunun mühüm yaşıllıq məkanlarından birinə çevrilib.

Helio da Silva isə fəaliyyətini davam etdirir. Onun növbəti hədəfi ərazidəki ağacların sayını 50 minə çatdırmaqdır.

