Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan ümumrayon tədbiri yüksək coşqu və təntənə ilə qeyd olunub.
Denmedia.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, millət vəkillərinin, şəhid ailələrinin, qazilərin, hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə nümayəndələrinin və minlərlə rayon sakininin iştirak etdiyi bayram tədbiri xalqımızın birliyinin və qələbə sevgisinin əyani təzahürünə çevrilib.
Bayram tədbirləri silsiləsi ənənəvi olaraq ehtiram və minnətdarlıq rəmzi ilə başlayıb. İlk olaraq Zəfər abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülərək Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Xırdalan şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əsası qoyduğu güclü dövlətçilik strategiyasının bəhrəsi olan tarixi Zəfərimiz bir daha qürurla vurğulanıb.
Zəfər Bayramı ilə əlaqədar Xırdalan şəhərindəki Heydər Əliyev parkında möhtəşəm konsert proqramı təşkil edilib. Parkı dolduran minlərlə Abşeron sakini bayram sevincini birlikdə yaşayıb. Ölkəmizin tanınmış xalq və əməkdar artistləri, eləcə də digər incəsənət xadimləri ifa etdikləri Vətənə, qələbəyə və igidliyə həsr olunmuş mahnılarla abşeronluların könlünü oxşayıblar. Çıxış edənlər Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının şanlı mübarizəsindən və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən ətraflı bəhs ediblər. Qeyd edək ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 44 günlük Vətən müharibəsi və ardınca əldə edilən zəfər tariximizin şanlı səhifəsidir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi olan Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll etdi və bu tarix ölkəmizdə Zəfər Günü olaraq elan olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Abşeronda keçirilən bu cür ümumrayon tədbirləri xalqımızın qələbə ruhunu daim uca tutur, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını və gələcək nəsillərə qürurla ötürüləcəyini bir daha nümayiş etdirir.
Tədbirin sonunda səmanı bəzəyən möhtəşəm atəşfəşanlıq bayram əhval-ruhiyyəsini daha da zirvəyə qaldırıb.

