Yüksək təzyiqdən əziyyət çəkən insanların müalicə zamanı yol verdikləri bir səhv həyati təhlükə yarada bilər.
Bu barədə kardioloq, tibb elmləri namizədi, “Servier” şirkətinin tibbi proseslərin inkişafı üzrə meneceri Oleq Rudomanov “Lenta.ru” nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, hipertoniya xəstələrinin ən böyük səhvlərindən biri təzyiq normallaşdıqdan sonra dərman qəbulunu özbaşına dayandırmaqdır.
“Dərman təsir göstərməyə başladıqda təzyiq normallaşır və insan müalicəni davam etdirməyə ehtiyac olmadığını düşünə bilər. Lakin preparatların qəbulunu özbaşına dayandırmaq qətiyyən olmaz. Təzyiqin hədəf göstəricilərə çatması xəstəliyin sağaldığını deyil, müalicənin düzgün seçildiyini göstərir”, – deyə mütəxəssis bildirib.

Rudomanov vurğulayıb ki, müasir klinik tövsiyələrdə “işçi təzyiq” anlayışı mövcud deyil. Buna görə də xəstələr yalnız özlərini necə hiss etdiklərinə deyil, arterial təzyiqin tibbi göstəricilərinə əsaslanmalıdırlar.
Kardioloq bir neçə dərman qəbul edən xəstələrə həftəlik dərman qutusundan istifadə etməyi və onu daim yanlarında saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, zərurət yarandıqda həkim müalicəni sadələşdirmək üçün bir neçə təsiredici maddəni özündə birləşdirən preparatlar da təyin edə bilər.

