Britaniyalı alimlər təxminən 400 il əvvəl batmış gəmidən tapılan qədim qıfılın şifrəsini açmağa nail olublar.
BBC xəbər verir ki, mis qıfıl 1999-cu ildə Uelsdə xəzinə axtarışçısı Piter Hyuz tərəfindən aşkarlanıb. Artefaktın 1583-cü il dekabrın 28-də İspaniyadan qayıdarkən fırtınaya düşən “Ann Francis” gəmisinin yükünə aid olduğu müəyyən edilib.

Qıfılın şifrəsini 20 ilə yaxın müddətdə açmağa çalışan Hyuz buna nail ola bilməyib və Uels Milli Muzeyi ilə Kardiff Universitetinin mütəxəssislərinə müraciət edib.
Alimlər üçüncü cəhddə şifrənin “ANCE” sözü olduğunu müəyyənləşdiriblər.
Qədim qıfılın hər birində altı hərf olan dörd fırlanan halqası var. Bu isə 1296 fərqli kombinasiya deməkdir. Qıfılın uclarında yerləşən sabit hərflərin onu açmağa çalışanları çaşdırmaq məqsədilə əlavə edildiyi ehtimal olunur.

Tapıntının yaxınlığında İspaniyaya məxsus gümüş sikkələr də aşkarlanıb. Tarixçilər qıfılın xəzinəni, mühüm sənədləri və ya günümüzə gəlib çatmayan parçaları qorumaq üçün istifadə olunduğunu düşünürlər.

