Yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında hazırlanmış "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası oldu.
Tamaşa Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirildi. Tamaşanı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , İdarə və müəssisisə rəhbərləri və əməkdaşları, Qərbi Azərbaycandan olan soydaşlarımız, eləcə də şəhər ictimayətinin nümayəndələri izlədi.
Qeyd edək ki, tamaşa yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir. Tamaşadan əvvəl Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxış edərək bildirdi ki, Ulu öndər sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizə aparırdı. Əlbəttə, daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi.
Tamaşa boyunca isə bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılır.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.
Qeyd edək ki, "İrəvanda nəyim qaldı..." tamaşası Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə ithaf olunur.