Ali Məhkəmə xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında açqılama yayıb.
“Den.az” xəbər verir ki, Ali Məhkəmə inzibati kollegiyanın bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edib.
Bildirilib ki, şəxs qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.
Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib.
Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:
1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.
Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xarici diplom bu halda tanınmaya bilər – Ali Məhkəmədən QƏRAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.