Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib.
“Denmedia.az” xəbər verir ki, Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər.
Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.
Sonra Palçıq Vulkanları Turizm Kompleksindəki muzeylə tanışlıq gəzintisi olub, ərazidəki palçıq vulkanlarına baxış keçirilib. O cümlədən uşaqlar üçün rəssamlıq, heykəltaraş lıq və dulusçuluq üzrə master-klaslar təşkil edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir.
RİH başçısı bildirib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Daha sonra RİH başçısı şəhid Fərid Seyfullayevin övladı Səmanın doğum günü münasibəti ilə təbrik edib.
Tədbirin sonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.


















