ABŞ-ın Nyu-Meksiko ştatında meşəlik ərazidə tapılan meyitin təxminən 11 aydır itkin düşmüş Los Alamos Milli Laboratoriyasının əməkdaşı Melissa Kasiasa aid olduğu açıqlanıb. Hadisə son illərdə artdığı iddia edilən alimlərin ölümü və itkin düşməsi hallarını yenidən gündəmə gətirib.
ABŞ-ın Nyu-Meksiko ştatında 28 mayda meşəlik ərazidə tapılan meyitin kimliyi müəyyənləşib. Rəsmilər meyitin təxminən 11 aydır xəbər alınmayan 54 yaşlı Melissa Kasiasa məxsus olduğunu bildiriblər.
Kasiasın ABŞ-ın ən mühüm araşdırma mərkəzlərindən biri olan Los Alamos Milli Laboratoriyasında çalışdığı qeyd olunub.
Rəsmilərin açıqlamasına görə, Kasiasın meyitinin tapıldığı ərazidə tapança da aşkarlanıb. Lakin ölüm səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi və araşdırmanın davam etdiyi bildirilib.
Melissa Kasiasdan sonuncu dəfə 2025-ci ilin iyununda xəbər alınıb. İtkin düşməsi ilə bağlı müraciətdən sonra axtarışlara başlanılsa da, alim uzun müddət tapılmayıb.
Rəsmilər Kasiasın itkin düşdüyü vaxt telefonunu və pul kisəsini yanında götürmədiyini açıqlamışdılar.

Kasiasın ölümündən sonra ABŞ-da son illərdə alimlərin ölümü və itkin düşməsi ilə bağlı hallar yenidən müzakirə olunmağa başlayıb.
İctimaiyyətə açıqlanan məlumatlara görə, son 2 ildə əksəriyyəti nüvə və kosmik tədqiqatlarla əlaqəli olan 11 alim ya həyatını itirib, ya da itkin düşüb. Bu şəxslərdən 6-nın öldüyü, 5-nin isə itkin kimi qeydə alındığı bildirilir.
Amerikalı rəsmilər bu hadisələr arasında birbaşa əlaqə olduğunu təsdiqləməsələr də, həmin alimlərin milli araşdırma mərkəzlərində çalışması və yüksək səviyyəli təhlükəsizlik icazələrinə malik olmaları diqqət çəkir.

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin sədri Ceyms Komer də alimlərin ölümü və itkin düşməsi halları ilə bağlı araşdırma başlanacağını açıqlamışdı.

