Almaniyada azərbaycanlı qıza qarşı qrup şəklində cinsi zorakılıq ittihamı ilə keçirilən məhkəmə prosesində 5 təqsirləndiriləndən 4-ü günahını etiraf edib.
Bu barədə WDR məlumat yayıb.
Məhkəmə prosesi Aachen Regional Məhkəməsində qapalı keçirilir. Buna səbəb təqsirləndirilən şəxslərdən bəzilərinin azyaşlı olmasıdır.
Məlumata görə, təqsirləndirilən şəxslər Suriya və İraq mənşəlidir. Onların yaşları 17-27 arasında dəyişir. Zərərçəkənin isə Azərbaycandan olduğu bildirilir.
Müdafiəçilər bazar ertəsi 4 nəfərin etiraf ifadəsini məhkəmədə oxuyublar. Onlar hadisəyə görə məsuliyyəti qəbul etdiklərini və peşman olduqlarını bildiriblər. Təqsirləndirilənlər zərərçəkəndən də üzr istəyiblər. Beşinci şəxs isə hələlik ifadə verməkdən imtina edib.
Prokurorluğun ittihamına görə, hadisə ötən ilin 18 oktyabrında Heinsberg-Unterbruchda yerləşən mənzildə baş verib. İddia olunur ki, həmin vaxt 17 yaşı olan qız həmin mənzildə qrup şəklində cinsi zorakılığa məruz qalıb. Təqsirləndirilən şəxslərin qızı elektroşok cihazı ilə hədələdiyi də bildirilir.
Zərərçəkən hadisədən bir gün sonra polisə müraciət edib. Bundan sonra hüquq-mühafizə orqanları xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirib. Mənzildə aparılan axtarış zamanı tapança və elektroşok cihazı aşkarlanıb.
İş üzrə hökmün iyul ayında çıxarılacağı gözlənilir.

