Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı.
1938-ci ildə istehsal olunan nadir "Mercedes 170 V" markalı avtomobil fantastik qiymətə – 650 min manata satışa çıxarılıb. Məlumata görə, ölkə ərazisində bu modeldən cəmi bir ədəd mövcuddur. Tarixi avtomobil hazırda Sumqayıt şəhərində saxlanılır və onun sahibi əslən Qubadlı rayonunun Qayalı kəndindən olan Teymur Məmmədovdur.
Avtomobilin yaşı 88-ə yaxın olsa da, texniki və xarici görünüş baxımından olduqca yaxşı vəziyyətdə olduğu bildirilir. Nadir eksponatın bütün sənədləri qaydasındadır və kolleksiyaçılar tərəfindən xüsusi maraqla qarşılanır. "Mercedes 170 V" təkcə avtomobil həvəskarlarının yox, şəhər sakinlərinin də diqqət mərkəzindədir. Onu görən insanlar tez-tez avtomobillə xatirə şəkilləri çəkdirir, müxtəlif tanınmış simalar isə klip və foto çəkilişlərində bu avtomobildən istifadə edirlər.
Sahibinin sözlərinə görə, avtomobil ona hər gün müəyyən gəlir gətirir. Buna baxmayaraq, Teymur Məmmədov nadir avtomobili satmaq qərarına gəlib. Onun əsas məqsədi əldə olunacaq vəsaiti öz övladlarının gələcəyi üçün nəzərdə tutub.
Qeyd edək ki, klassik avtomobillər arasında xüsusi yer tutan "Mercedes 170 V" modeli bu gün dünyanın müxtəlif ölkələrində kolleksiya dəyəri yüksək olan nəqliyyat vasitələrindən hesab olunur. Sumqayıtda qorunub saxlanılan bu nümunə isə Azərbaycanda avtomobil tarixinin ən maraqlı eksponatlarından biri kimi qiymətləndirilir.
Ətraflı XəzərXəbər-in reportajında:

