Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, bəzi ərazilərdə yağışın qısa müddətə intensivləşəcəyi, həmçinin şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 17-19 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz isə 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısa müddətə güclənəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 7-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti, bəzi yerlərdə isə 21-26 dərəcə isti proqnozlaşdırılır.

