“Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində də Qərb və Rusiya rəqabətinin şahidiyik. Hər iki cinaha məxsus platformalarda müxtəlif görüşlər olsa da, müəyyən uğurlar əldə olunsa da konkret nəticəyə gəlinə bilmirdi. Regionda son baş verən hadisələr məkanın neytral olması istiqamətində fikirləri daha da konkretləşdirdi”
Den.az xəbər verir ki, b
u sözləri Millət vəkili Azər Badamov bildirib.
Deputatın sözlərinə görə, son illər Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox sıx əməkdaşlığı mövcuddur:
“Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycana, həm də Ermənistana investisiyalar yatırır. Bu baxımdan istənilən investor üçün ilkin amil o ölkədə və regionda sabitliyin olmasıdır. İkinci məsələ odur ki, neytral mövqe sərgiləmək, razılaşmalar məkanına çevrilmək istiqamətində ərəb ölkələri arasında da rəqabətin şahidiyik. Görünür, investisiyalar baxımdan daha cəld davranan BƏƏ bu məsələdə daha qabarıq formada özünü göstərdi. Eyni zamand,a Azərbaycanın ənənəvi və qeyri-ənənəvi olmaqla energetika sahəsi üzrə BƏƏ ilə dərinləşən münasibətlərinin şahidiyik. COP tədbirləri zaman təcrübə mübadiləsi bu münasibətləri daha da dərinləşdirdi. BƏƏ-yə bundan öncəki səfərində cənab Prezident İlham Əliyev münasibətlərimizi “mükəmməl” deyə xarakterizə etmişdi. BƏƏ-nin danışıqlarda seçilməsi neytrallıq baxımından lazım olan ən mühüm məqam idi. Çünki nəticənin əldə olunması qədər, ondan sonrakı proseslərə də nəzarətin əldən verilməməsi üçün heç bir meyar deyil, neytrallıq əsas amildir”.
Millət vəkili qeyd edib ki, Türkiyə-ABŞ münasibətlərini, xüsusilə iki ölkə liderlərinin bir-birilərinin ünvanlarına müsbət mesajlarını da bura əlavə etsək, Qərb dəstəkli Nikol Paşinyanın Türkiyə səfərindən sonra ritorikasında ciddi dəyişikliyin şahidiyik:
“Onun sülhə tələsməsi ilk növbədə seçkiqabağı uğur əldə etmək istəməsidir. Çünki məlum məsələdir ki, o, seçki şüarını da xalqa elan edərək əsrlərlə formalaşan yanlış təfəkkürdən çıxmağın vacibliyi üzərində dayanır. Komandasına daxil olan siyasətçilərin də ritorikasında eyni tendensiyanın şahidiyik. Seçkiqabağı rəqiblərlə baş verən daxili məsələlər məlum olduğundan tarixi uğur əldə edib bunu xalqa təqdim etmək, xaricdən də dəstək qazanmaq, özü də bunun başından bəri olduğu kimi Qərb tərəfindən olması Paşinyan üçün vacibdir.
İstənilən görüş, təmasın özü belə irəliyə doğru atılan addımdır. Bu addımlar sülh sazişini nəinki daha real edir, aydın göstərir. Qarşıda iki məsələ var, bunlardan biri Konstitusiyanın dəyişdirilməsi, digəri məlum təsisata rəsmi müraciətin ünvanlanmasıdır. Zənnimcə, ikinci amil üzərində razılığa gəlinib, müraciət üçün addımların şahidi olacayıq”.