İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində aralarında məşhur şəxslərin də olduğu 23 şübhəli barəsində prosessual tədbirlər görülüb.
Məlumata görə, şübhəlilərin sosial şəbəkə paylaşımları, eləcə də texniki və fiziki izləmə tədbirləri nəticəsində müxtəlif cinayətlərlə bağlı dəlillər əldə edilib.

İstintaq çərçivəsində şübhəlilər Ədli Tibb Qurumunda qan və saç nümunələri veriblər.
Alınan nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik maddə testlərinin pozitiv çıxdığı iddia olunub.
Adı siyahıda hallanan Kenan Doğulu isə sosial şəbəkə hesabından açıqlama yayaraq iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“Bu gün həqiqəti əks etdirməyən bəzi iddialarda adımın çəkildiyini təəssüflə görürəm. Aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən və Ədli Tibb Qurumunun araşdırmalarından sonra həmin gecə öz istəyimlə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş laboratoriyada sidik, qan və saç testləri verdim”, - deyə sənətçi qeyd edib.
Doğulu bildirib ki, ilk nəticə olan sidik analizinin neqativ çıxdığını və qan, saç analizlərinin də eyni şəkildə nəticələnəcəyinə şübhə etmədiyini vurğulayıb.
“Ədalətə inamım tamdır. Bu prosesin ən qısa zamanda aydınlaşacağına və həqiqətin ortaya çıxacağına bütün qəlbimlə inanıram”, - deyə Kenan Doğulu əlavə edib.


