İstanbul Respublika Baş Prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı istintaq çərçivəsində bəzi şübhəlilərin narkotik testinin nəticələri açıqlanıb.
Bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Adli Tibb Qurumunda analiz üçün nümunələri götürülən şübhəlilərdən Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin test nəticələri pozitiv çıxıb.
İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları istintaq çərçivəsində ötən həftə barələrində saxlanılma qərarı verilən 24 şübhəlini nəzarətə götürmüşdü.
Saxlanılan şəxslər arasında aktyor Enis Arıkan, fenomen Kerimcan Durmaz, aktrisa Beren Saat, müğənni Kenan Doğulu, Ayşe Hatun Önal, rejissor Mehmet Cem Karcı və Murat Saygı da olub.
CHP Ankara millət vəkili Adnan Bekerin oğlu Oğuzhan Beker isə Ankarada saxlanılıb.
Daha sonra saxlanılanlardan Tolga Çam, Murat Saygı, Enis Ahmet O., Emre T., Hasan V., Reyhan K., Mehmet Y., Tessy Ramos Correria və Eren Y. barəsində həbs qərarı verildiyi bildirilib.
İstintaq çərçivəsində saxlanılan digər şəxslər isə sərbəst buraxılıb.
Məlumata görə, tanınmış şəxslərə “istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq” və “narkotikdən istifadəni asanlaşdırmaq” ittihamları yönəldilib.
Əməliyyat zamanı bəzi ünvan və iş yerlərində aparılan axtarışlarda müəyyən miqdarda narkotik vasitə və istifadə üçün nəzərdə tutulan vasitələrin ələ keçirildiyi iddia olunub.

