Türkiyəli məşhur müğənni və aktyor Özcan Denizin ailəsində uzun müddətdir davam edən münaqişə yenidən gündəmə gəlib. Sənətçi bacısı Sibel Deniz Semercinin mühakimə olunduğu məhkəmə prosesində şahid qismində ifadə verib. Onun bacısına dəstək olması digər bacısı Yurda Gürlerin sərt reaksiyasına səbəb olub.
Haberler.com xəbər verir ki, Özcan Denizin qardaşı Ercan Deniz və bacısı Yurda Gürlerin Sibel Deniz Semercidən şikayəti əsasında açılan cinayət işinə Aydın 4-cü Asliye Cəza Məhkəməsində baxılıb.
Məhkəmə iclasında şahid qismində ifadə verən Özcan Deniz prosesdən sonra jurnalistlərə açıqlamasında bacısı Sibel Deniz Semercinin tərəfində olduğunu bildirib.
Sənətçi məhkəmə işinin əsassız olduğunu iddia edərək bacısının anasını və kiçik bacısını qorumağa çalışdığını söyləyib.
Deniz bacısının «Bir də bunları etsəniz, sizi yandıraram» sözlərinin hədə-qorxu məqsədi daşımadığını, sadəcə yaşanan hadisələrə emosional reaksiya olduğunu müdafiə edib.
«Mən də bacıma dəstək olmaq və şahid qismində ifadə vermək üçün gəlmişəm», – deyə müğənni bildirib.
Lakin onun bu açıqlamaları digər bacısı Yurda Gürlerin narazılığına səbəb olub.
Gürler qardaşına sərt reaksiya verərək «Dünən Aydın Ədliyyəsinin qarşısında çox gözəl bir aktyorluq nümayişi izlədik» ifadəsini işlədib.
O, təhqir və hədələrə məruz qalan tərəfin özü olduğunu, buna baxmayaraq, Özcan Denizin digər bacısına dəstək verdiyini və onun xeyrinə şahidlik etdiyini bildirib.
Yurda Gürler məhkəmə prosesi zamanı haqqında heç bir sübuta əsaslanmayan ağır ittihamlar səsləndirildiyini də iddia edib.
«İddia irəli sürmək, kimisə günahlandırmaq və böhtan atmaq asandır. Çətin olan isə bütün bunların hüquq qarşısında cavabını verməkdir», – deyə o vurğulayıb.
Gürler məhkəmədə təqdim edilən sübutların həlledici rol oynadığını bildirərək bunları söyləyib:
«Hüquq qarşısında uydurulan hekayələrin heç bir əhəmiyyəti yoxdur. Sübutlar danışır, həqiqətlər üzə çıxır. Bu gün hüquq öz sözünü dedi, ədalət yerini tapdı».
O, həmçinin məhkəmənin təqsirləndirilən şəxsin cinayət törətdiyi qənaətinə gəldiyini iddia edib.
Qeyd edək ki, Özcan Deniz və ailə üzvləri arasında uzun müddətdir davam edən fikir ayrılıqları məhkəmə müstəvisinə keçib. Ailə üzvlərinin qarşılıqlı ittihamları Türkiyə mediasında geniş müzakirə olunur.

