Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz televiziya layihələrinə bir müddət fasilə vermək istədiyini bildirib. Sənətçi bu qərarını ailəsinə, xüsusilə övladına daha çox vaxt ayırmaq arzusu ilə əlaqələndirib.
Denmedia.az “Habertürk”ə istinadən xəbər verir ki, Özcan Deniz bu barədə ssenarisini yazdığı, rejissorluğunu etdiyi və baş rolunu canlandırdığı “Son Yemek” filminin qala gecəsində danışıb.
Jurnalistlərin suallarını cavablandıran aktyor uzun illər davam edən gərgin iş qrafikindən yorulduğunu, lakin televiziya sahəsindən incimədiyini vurğulayıb.
“Artıq bir az özümə vaxt ayırmaq istəyirəm. Övladımı böyütmək istəyirəm”, – deyə sənətçi bildirib.

Özcan Deniz bu sözləri ilə yaxın müddətdə yeni serial layihələrində iştirak etməyə tələsməyəcəyinə işarə edib.
Karyerası ərzində çoxsaylı televiziya layihələrində rol alan sənətçi xüsusilə “Asmalı Konak” serialındakı Seymen Karadağ obrazı ilə geniş şöhrət qazanıb. O, daha sonra “Haziran Gecesi”, “Kader”, “Aşk Yakar”, “Samanyolu”, “Bir Zamanlar Osmanlı: Kıyam”, “Karagül”, “Kaderimin Yazıldığı Gün”, “İstanbullu Gelin”, “Seni Çok Bekledim” və “Kızıl Goncalar” kimi məşhur ekran əsərlərində çəkilib.
Aktyorun son televiziya layihələrindən biri 2023–2025-ci illərdə yayımlanan “Kızıl Goncalar” serialı olub. O, həmin ekran işində doktor Levent Alkanlı obrazını canlandırıb.
Digər tərəfdən, Özcan Deniz təxminən 3–4 il üzərində çalışdığı “Son Yemek” filminin tamaşaçılarla görüşməsindən məmnunluğunu ifadə edib. Sənətçi tamaşaçını güldürməkdənsə, ağlatmağın daha çətin olduğunu söyləyib.

O, filmin əsas ideyasını “Kiçik dərdlər çox danışır, böyük dərdlər isə susur” sözləri ilə ifadə edib.
Noyabrın 18-də qala gecəsi keçirilən film noyabrın 19-da “Prime Video” platformasında yayımlanmağa başlayıb.
“Net Yapım” və “Mahzen Media”nın birgə istehsalı olan ekran əsərində Özcan Deniz Bekir, Öykü Karayel isə pianoçu Sebahat obrazını canlandırır. Təxminən 25 ili əhatə edən sevgi hekayəsindən bəhs edən filmdə Nejat İşler, Tilbe Saran, Ceyda Düvenci, Helin Kandemir, Gonca Vuslateri və Esra Ruşan da rol alıblar.
Filmin musiqilərinin hazırlanmasında da iştirak edən Özcan Deniz çəkiliş prosesini karyerasının ən rahat və xoş keçən işlərindən biri kimi qiymətləndirib.

